Bu və ya digər vergi növü üzrə vergitutma obyekti olan vergi ödəyiciləri vergi öhdəliyini qanunvericilikdə göstərilən müddətdən gec olmayaraq vergi uçotunda olduqları vergi orqanına bəyan etməlidirlər. Bəyannamənin təqdimetmə (habelə verginin ödənilmə) müddətinin sonuncu günü qeyri iş gününə düşdüyü halda bəyannamə növbəti iş günü təqdim edilə bilər.
Mövcud qanunvericiliyə əsasən müxtəlif vergi növləri üzrə vergi bəyannamələrini təqdim etməli olan şəxslər aşağıdakı kimi müəyyənləşdirilmişdir.
1. Gəlir vergisi üzrə
Gəlir vergisi üzrə hesabat dövrü təqvim ilidir.
Azərbaycan mənbəyindən gəlir əldə edən və ödəmə mənbəyində vergiyə cəlb olunmayan rezident və qeyri-rezident fiziki şəxslər, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən Azərbaycan Respublikasının rezident fiziki şəxsləri hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq qeydiyyatda olduqları vergi orqanına bəyannamə verirlər. Həmin vaxtadək illik gəlir üzrə son hesablama aparmaqla (hesabat ilində Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən aparılan cari ödəmələr nəzərə alınmaqla) fiziki şəxslər gəlir vergisini dövlət büdcəsinə ödəyirlər.
Gəlir vergisinin ödəyicisi Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırdıqda, vergi ilinin əvvəlindən sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edən gəlir vergisi bəyannaməsini 30 gün müddətində vergi orqanına verməlidir.
Bəyannamə verməli olmayan fiziki şəxs verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilər.
2. Mənfəət vergisi üzrə
Mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir.
Rezident müəssisələr, habelə Azərbaycan Respublikasında daimi nümayəndəliyi və vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq qeydiyyatda olduqları vergi orqanına bəyannamə verirlər. Vergi ödəyiciləri həmin vaxtadək illik gəlir üzrə son hesablama aparmaqla (hesabat ilində Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən aparılan cari ödəmələr nəzərə alınmaqla) mənfəət vergisini dövlət büdcəsinə ödəyirlər.
Bələdiyyə mülkiyyətində olan müəssisələr mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyir və müvafiq bəyannaməni həmin orqana təqdim edirlər.
Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edən mənfəət vergisinin bəyannaməsini verməlidir.
3. Əlavə dəyər vergisi üzrə
ƏDV üzrə hesabat dövrü təqvim ayıdır.
ӘDV-nin ödəyicisi olan hüquqi və fiziki şəxslər, habelə ӘDV-nin mәqsәdlәri üçün qeydiyyatdan keçməyən qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisində xidmət göstərilməsi və ya iş görülməsinə görə ona ödəmələr verən ӘDV-nin ödəyicisi olan və ya olmayan şəxslər (vergi agenti) ƏDV-nin bəyannaməsini hər hesabat ayı üçün hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verməlidirlər. ƏDV ödəyicisi olmayan şəxslər hesablanan ƏDV-ni qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində, ƏDV ödəyiciləri olan şəxslər isə hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidir.
ƏDV ödəyicisi ləğv edildikdə (fəaliyyətinə xitam verildikdə) hesabat ayının əvvəlindən fəaliyyəti dayandırdığı günə qədər olan dövrü əhatə edən ƏDV bəyannaməsi növbəti ayın 20-dən gec olmamaqla 30 gün müddətində vergi orqanına təqdim edilməlidir.
4. Aksizlər üzrə
Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır.
Aksizli mallar istehsal edən müәssisәlәr vә fiziki şәxslәr hər hesabat ayı üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və həmin müddətdə vergi orqanına bəyannamə verilməlidir.
Aksizli mallar idxal edildikdə, aksiz gömrük orqanları tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada tutulur.
Vergi ödəyicisi ləğv edildikdə (fəaliyyətinə xitam verildikdə) hesabat ayının əvvəlindən fəaliyyəti dayandırdığı günə qədər olan dövrü əhatə edən aksiz bəyannaməsi növbəti ayın 20-dən gec olmamaqla 30 gün müddətində vergi orqanına təqdim edilməlidir.
5. Әmlak vergisi üzrə
Əmlak vergisi üzrə hesabat dövrü təqvim ilidir.
Əmlak vergisi üzrə vergitutma obyektləri olan müəssisələr və Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr (yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri üzrə) əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verirlər. Vergi ödəyiciləri həmin vaxtadək illik əmlak vergisi üzrə son hesablama aparmaqla (Vergi Məcəlləsinin 201-ci maddəsinə əsasən aparılan cari ödəmələr nəzərə alınmaqla) əmlak vergisini dövlət büdcəsinə ödəyirlər.
Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir əmlak vergisinin bəyannaməsini verməlidir.
Fiziki şəxslər əmlak vergisi üzrə bəyannamə təqdim etmirlər. Bələdiyyələr əmlak verginin ödənilməsi barədə tədiyyə bildirişini fiziki şəxsə cari ilin avqustun 1-dən gec olmayaraq verməli, fiziki şəxslər cari il üçün illik əmlak vergisinin məbləğini bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək yerli (bələdiyyə) büdcəyə ödəmələrdirlər. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi qeyd olunan ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.
6. Torpaq vergisi üzrə
Torpaq vergisi üzrə hesabat dövrü təqvim ilidir.
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və istifadəsində torpaq sahəsi olan müəssisələr torpaq sahəsinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən torpaq vergisini illik olaraq hesablayır və may ayının 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər.
Fiziki şəxslər torpaq vergisi üzrə bəyannamə təqdim etmirlər - fiziki şəxslərə torpaq vergisi bələdiyyələr tərəfindən cari il üçün hər il iyulun 1-dək hesablanır, tədiyyə bildirişləri isə avqustun 1-dən gec olmayaraq onlara çatdırılır.
Hesablanmış illik torpaq vergisinin məbləğini bərabər hissələrlə - cari ilin avqustun 15-dən və noyabrın 15-dən gec olmayaraq hüquqi şəxslər dövlət büdcəsinə, fiziki şəxslər isə yerli (bələdiyyə) büdcəyə ödəyirlər.
Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi yuxarıda qeyd olunmuş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.
7. Yol vergisi üzrə
Yol vergisi üzrə hesabat dövrü təqvim ilidir.
Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən yol vergisi həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.
Azərbaycan Respublikasının ərazisində təqvim ilinin sonu vəziyyətinə mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan rezident hüquqi şəxslər yol vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edir və həmin müddətədək hesablanmış vergini dövlət büdcəsinə ödəyirlər.
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan fiziki şəxslər yol vergisi üzrə bəyannamə vermirlər. Yol vergisini isə həmin avtomobillər texniki baxışdan keçən zaman dövlət büdcəsinə ödəyirlər. İllik yol vergisinin ödənildiyini təsdiq edən sənədlər təqdim edilmədikdə avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqan tərəfindən avtonəqliyyat vasitələrinin qeydiyyatı, yenidən qeydiyyatı və texniki baxışı keçirilmir.
8. Mədən vergisi üzrə
Mədən vergisi üzrə hesabat dövrü təqvim ayıdır.
Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi də daxil olmaqla) yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr hesabat ayı üçün faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq mədən vergisini ödəyir və həmin müddətdə də bəyannamə verirlər.
Vergi Məcəlləsinin 217.5-ci maddəsində göstərilən yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir və bələdiyyələrə mədən vergisinin bəyannaməsi verilir.
9. Sadələşdirilmiş vergi üzrə
Sadələşdirilmiş vergisi üzrə hesabat dövrü rübdür.
Sahibkarlıq fəaliyyəti çərçivəsində malların (işlərin, xidmətlərin), habelə əmlakın təqdim olunması ilə məşğul olan və vergi orqanında sadələşdirilmiş vergi ödəyicisi kimi uçota alınan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər (Vergi Məcəlləsinin 218.1.1-ci maddəsində göstərilən şəxslər istisna olmaqla) hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq ödənməli olan verginin məbləği haqqında vergi orqanına bəyannamə verir və həmin müddət ərzində vergini dövlət büdcəsinə ödəyirlər.
Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşımalarını həyata keçirən sadələşdirilmiş vergi ödəyiciləri qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər.
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün təqvim ayının sonunadək növbəti ay (aylar) üçün ciddi hesab blankı olan «Fərqlənmə nişanı» almalıdırlar. «Fərqlənmə nişanı» vergi ödəyicisinin Nəqliyyat Nazirliyinə yazılı formada müraciətinə əsasən iki iş günündən gec olmayaraq verilir. «Fərqlənmə nişanı» almaq üçün müraciət edən vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə olunmalıdır. Bu fəaliyyətlə məşğul olan şəxslər tərəfindən hesablanmış vergi tam məbləğdə dövlət büdcəsinə ödənildikdən sonra onlara "Fərqlənmə nişanı" verilir və ödənilmiş vergi onların həmin ayda fəaliyyət göstərib-göstərmədiyindən asılı olmayaraq geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir.
Avtonəqliyyat vasitəsinin sahibi və ya istifadəçisi dəyişdikdə həmin nəqliyyat vasitəsinə sonrakı aylar üçün əvvəlki sahib və ya istifadəçi tərəfindən qabaqcadan ödənilmiş vergilər nəzərə alınır və verginin ödənildiyini təsdiq edən "Fərqlənmə nişanı"nın yenidən rəsmiləşdirilməsi tələb olunmur.
Mənzil tikinti fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini tikintinin təməl işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verirlər.
Bu fəaliyyətlə məşğul olan vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, mənzil tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (mənzil tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün müəyyən edilmiş qaydaya uyğun hesablanmış sadələşdirilmiş vergini bərabər hissələrlə 12,5 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəyirlər.
Ödəmə mənbəyində, o cümlədən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə
Ödəmə mənbəyində tutulan vergilər üzrə hesabat dövrü rübdür.
Ödəmə mənbəyində vergi tutan hüquqi şəxslər və fərdi sahibkarlar muzdla işləyən fiziki şəxslərə, habelə Vergi Məcəlləsinin 150.1.3 - 151.7-ci maddələrində göstərilən ödəmələri verərkən onlardan ödəmə mənbəyində vergini tutmağa borcludurlar.
Fiziki şəxslərin muzdlu işlə əlaqədar hesablanmış aylıq gəlirindən gəlir vergisi hesablanır və hesablanmış vergi növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülür.
Vergi Məcəlləsinin 150.1.3 - 151.7-ci maddələrində göstərilən ödəmələr verilərkən bu gəlirdən vergi tutulur və tutulmuş vergi gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülür.
Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi və Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verilir.
İxracat vergisi üzrə
Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə ödəniş barədə bəyannamə üzrə hesabat dövrü təqvim ayıdır. Bu qiymət fərqi üzrə ödənişlər hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və həmin müddətdə vergi orqanına müvafiq hesabat təqdim edilməlidir.
Dövlət rüsumu üzrə
Dövlət rüsumu üzrə hesabat dövrü rübdür. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edildikdə iki bank günü ərzində, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu bir ay ərzində, digər dövlət rüsumları isə tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür. Dövlət rüsumunu tutan şəxslər hesabat rübündən sonrakı ayın 20-dək dövlət rüsumunun tutulması barədə hesabatı vergi orqanına təqdim etməlidirlər. |